3 Aralık 2010 Cuma

Allah elçisinin (s.ə.s) səhabələri

Əkrəm Həsənov

Səhabə - kəliməsinə görə “bir yerdə olmaq, söhbət və ya dostluq etmək” mənasına gələn صحِبَ (sahibə) felindən alınmış bir sözdür. Bu sözün cəmi “səhabə” olub, “əshab” da deyilir. (Cengiz Elibol, Asrı Saadet Önderleri, Beka Yayınları, İstanbul, Müqəddimə)
Alimlər səhabənin tərifi ilə bağlı fərqli fikirlər irəli sürüblər. Hafiz bin Həcər əl-Əsqalani “əl-İsabə” adlı əsərində bu mövzunu götürmüş, bu barədə səhih olan fikirləri açıqlamış və məsələni uzun-uzadı incələmişdir.
 İbn Həcər deyir ki; səhabə barədə vaqif olduğum ən doğru tərif belədir; “Səhabə, Peyğəmbərə (Allahın salamı və xeyir bərəkəti onun üzərinə olsun) iman edib, iman etdiyi halda onunla bərabər olan və müsəlman olaraq ölən adamdır”. Tərifdə keçən “onunla bərabər olan” ifadəsinin ümumiliyinə görə; söhbətinin məclisində uzun və ya qısa bir müddət olmuş olsun, ondan hədis rəvayət etsin və ya etməsin, onunla döyüşə qoşulmuş olsun və ya olmasın, onun məclisində olmamış olsa da belə onu bir dəfə görmüş olsun və ya kor olma kimi bir səbəbdən ötrü onu görməmiş olsun, bununla belə sadəcə onunla qarşılaşmış olan bir kimsəyə səhabə deyilir.
Tərifdə keçən “iman etdiyi halda” ifadəsinə görə bir kimsə kafir olduğu halda Peyğəmbərlə (Allahın salamı və xeyir bərəkəti onun üzərinə olsun) qarşılaşmışsa, sonradan iman etdikdən sonra onunla qarşılaşmamışsa, həmin kəs səhabə sayılmaz.
Həmçinin tərifdə keçən “müsəlman olaraq ölən” ifadəsinə görə; bir kimsə Peyğəmbərlə (Allahın salamı və xeyir bərəkəti onun üzərinə olsun) ona iman edərək qarşılaşmış, daha sonra – Allah qorusun – mürtəd olmuş, yəni dinindən dönmüş və mürtəd olaraq ölmüşsə, o yenə də səhabə sayılmaz. Bu qəbildən olan bəzi insanlar olmuşdur. Digər tərəfdən, bir kimsə mömin olaraq Peyğəmbərlə qarşılaşmış, daha sonra mürtəd olmuş, daha sonra yenidən ölmədən əvvəl islama qayıtmışsa, ikinci dəfə istər peyğəmbərlə qarşılaşsın, istərsə qarşılaşmasın yenə də səhabə sayılır.
Bu tərif Buxarinin müəllimi Əhməd bin Hənbəl kimi hədis alimləri və bunlara tabe olan alimlər yanında seçilən ən doğru görüşə dayanır. (Muhammed Salih Ekinci, Tarihte Metot ve Trihi Tetkikler İşığında Sahabe Dönemi, (trc Mehmet Ecir Eşiyok), Konya, Ravza yayınları, səh 2-3).
Uca Allah səhabələri, heç kimin onlara çatmasına imkan olmayan xüsusi bir üstünlük və fəzilət sahibi etmişdir. İslam dinində ilk və ən üstün, fəzilətli camaat səhabələr olmuşlar. Onlar, Allahın peyğəmbərini (Allahın salamı və xeyir bərəkəti onun üzərinə olsun) görmüş, Quranın ona necə nazil olduğununun şahidi olmuş, mələklərin döyüş vaxtı onlara necə kömək etdiklərini gözləri ilə görmüşlər. Onlar bütün hallarda Allahın elçisini (Allahın salamı və xeyir bərəkəti onun üzərinə olsun) dəstəkləmiş, canlarını və mallarını ortaya qoyaraq onu qorumuş, ona lazım olan səviyyədə kömək göstərmişlər. Səhabənin böyüklərindən biri olan İbn Məsud (Allah ondan razı olsun) bu barədə belə deyir: “Uca Allah qulların ürəklərinə baxdı; Məhəmmədi seçdi və onu risalətiylə Nəbi (Peyğəmbər) olaraq göndərdi. Sonra qulların ürəklərinə bir daha baxdı və onun üçün bəzi səhabələri (dostlar) seçdi. Onları dininin köməkçiləri və Nəbisinin dəstək­çiləri etdi...” (Əhməd bin Hənbəl, Müsnəd).  
Allah təala, səhabələrə bu Quranı tək bir hərf də itirməyəcək şəkildə əzbərləyib yadda saxlamağı ilham etmişdir. Onlar, Quranı yazıb yığdılar və özlərindən sonra gələnlərə onu asanlaşdırdılar. Onlar, Məhəmməd Mustafanın (Allahın salamı və xeyir bərəkəti onun üzərinə olsun)  peyğəmbər  olmasından əbədi aləmə köçənə qədər onunla birlikdə olan, onun təbliğatını, sözlərini, nəsihətlərini eşi­dən, hərəkətlərini görən, tövsiyə və əmrlərini can qulağıyla dinləyib yerinə yetirən möminlərdir. Beləliklə, onlar peyğəmbər yolunun rəvayətçiləri olmuşlar. Onun sünnəsini əks etdirən hədisləri Allahın elçisindən (Allahın salamı və xeyir bərəkəti onun üzərinə olsun) öyrənmiş və özlərindən sonrakı təbiun nəs­linə rəvayət etmişlər. Beləliklə bu dinin ayaq üstə dayanmasında və təməllərinin yerə möhkəm bir şəkildə yerləşdirilməsində onların çox böyük payı olmuşdur. Bunu onlardan başqasının əldə edə bilməsi qeyri-mümkün bir şeydir.
Səhabənin fəzilətləri həm ağılla, həm də müşahidə ilə sabitdir. Bütün islam alimləri də bu barədə fikir birliyinə nail olaraq icma etmişlər. Bunun səbəblərindən bəziləri bunlardır: Birincisi, səhabə, Allah elçisinin (Allahın salamı və xeyir bərəkəti onun üzərinə olsun) tərbiyə etdiyi bir nəsildir. On­dan elm, əxlaq və fəzilət öyrənmiş, onun tərbiyəsi altında yetişmişlər. Bundan başqa, İslam dini və Allahın elçisi (Allahın salamı və xeyir bərəkəti onun üzərinə olsun)  uğ­runa böyük çətinliklərə sinə gərmişlər, yerlərindən, yurdlarından, iş­lərindən, güclərindən, ailə-uşaqlarından, ana, ata və qohumlarından ayrı düşmüşlər. Allahın elçisinin (Allahın salamı və xeyir bərəkəti onun üzərinə olsun) ətrafında xalqa meydana gətirmişlər, qanlarını, canlarını və mallarını Allah yoluna fəda etməkdən çəkinməmişlər. İslam uğrunda bunun kimi misli görülməmiş fədakarlıq nümunələri göstərdiklərindən ötəri üstün və fəzilətli bir nəsil sayılmağa haqq qazanmışlar. Səhabə, Quranı Kə­rimdə və Nəbinin (Allahın salamı və xeyir bərəkəti onun üzərinə olsun) hədislərində təriflənən bir nəsildir. Bunlardan bir neçəsini qeyd etməyimiz inşallah yerində və kifayət olacaqdır:
1. Allah təala Mühacirlər və Ənsar ilə onlara tabe olanlardan razı olmuşdur:       
(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!” (ət-Tovbə (Tövbə) surəsi, 100).
2. Allah təala Hüdeybiyyədə Rizvan adlanan beyətdə, Xeybərin fəthində onlardan razı olmuşdur:
“(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı. Həm də (Xeybərdə) ələ keçirəcəkləri çoxlu qənimətlərə (nail etdi). Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (əl-Fəth (Fəth) surəsi, 18-19).
Allah rəsulu (Allahın salamı və xeyir bərəkəti onun üzərinə olsun) bu barədə belə buyurmuşdur: "İnşaallah ağacın altında beyət edənlərdən heç biri cəhənnəmə girməz” (Müslim rəvayət etmişdir). İmam Nəvəvi, bu hədisi şərh edərkən belə demişdir: “O beyət edənlərdən heç biri dəqiq olaraq cəhənnəmə girməyəcək. Rəsulullah (Allahın salamı və xeyir bərəkəti onun üzərinə olsun) “inşaallah” sözünü şübhə (ehtimal) üçün yox, bərəkətli olması üçün istifadə etmişdir” (Nəvəvi, Müslim şərhi). Necə ki, bu hədis Əbu Davud və Tirmizidə “inşa­al­lah” ləfzi olmadan gəlmişdir (Əbu Davud, Tirmizi).
3. Allah təala Məkkənin fəthindən əvvəl xərc çəkən və döyüşənlərə də, sonra xərc çəkən və döyüşənlərə də ən gözəl nəticə olan cənnəti vəd etmişdir:
“(Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası (bütün sərvəti, eləcə də siz öləndən sonra qoyub gedəcəyiniz malın hamısı) ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!” (əl-Hədid (Dəmir) surəsi, 10)
4. Təbuk səfərinə üzrlü olanlar və üç səhabə xaricində bü­tün səhabə qatılmışdır. Allahu Təala o səfərə qatılan səhabəni bağışlamış və daha sonra, qalan üç səhabənin də tövbəsini qəbul et­miştir:
“Allah (müsəlmanlardan) bir qismini ürəyi (şəkk-şübhəyə düşüb Peyğəmbərdən və cihaddan) dömək üzrə ikən Peyğəmbərə, çətin saatda onun arxasında gedən mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul buyurdu (onları bağışladı). Çünki O, həqiqətən, onlara qarşı çox şəfqətli, çox rəhimlidir. Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!” (ət-Tovbə (Tövbə) surəsi, 117-118).
5. Allah təala, səhabələri Quranda xatırlayıb təriflədiyi kimi, onlardan əvvəl endirilən Tövrat və İncildə də gözəlliklə xatırlamış və onları tərifləmişdir:
“Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. (Qiyamət günü onlar üzlərindəki möminlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!”( əl-Fəth (Fəth) surəsi, 29).
6. Rəsulullah (Allahın salamı və xeyir bərəkəti onun üzərinə olsun), Allahın, İslamın ilk qəzvəsi olan Bədirdə iştirak edən səhabəni də bağışladığını bildirmişdir:
"Ümid edilir ki Allah, Bədir əhlinin səmimiyyətini bildiyi üçün: 'İstədiyinizi edin, cənnət sizə vacib oldu və ya şübhəsiz ki sizi bağışladım' buyurmuşdur” (Buxari, Müslim).
7. Rəsulullah (Allahın salamı və xeyir bərəkəti onun üzərinə olsun) ümmətinin ən xeyirli nəsilinin səhabə nəsili olduğunu bildirmişdir:
“Ümmətimin ən xeyirlisi mənim çağımda yaşayanlar (səhabə), sonra onları izləyənlər (təbiun), sonra onları izləyənlərdir (təbə-ə təbiun)” (Buxari, Müslim).
Səhabə arasında baş vermiş döyüşə qədər uzanan ixtilaf və anlaşılmazlıqlara gəldikdə isə, müsəlman alimlər, bunların ictihadi bir şərhdən qaynaqlandığına inanırlar. Onlar ictihad etmiş, bəzisi isabət etmiş və digər bəzisi yanılmışdır. Alimlər ictihadında doğruya isabət edənin iki, səhv edənin isə bir mükafat (əcr) qazandığına və səhv edənin Uca Allah tərəfindən bağışlandığına inanırlar (Buxari, Müslim).
Bütün müsəlmanlar səhabənin qüsurlarını xatırlamaqdan uzaq dayanmalıdırlar. Nə­bi (Allahın salamı və xeyir bərəkəti onun üzərinə olsun) bizə, onlara hörməti, yaxşı zənn bəsləməyi, haqqlarının qorunmasını və sevilmələrini əmr etdi. Hətta onların sevilməsini imanın, onlara nifrət edilməsini münafiqliyin əlamətlərindən etdi və onları sevəni Allahın sevəcəyini, onlara nifrət edənə də Allahın nifrət edəcəyini bildirdi (Buxari və Müslim). Bu səbəblə bizlər, onları sevməli, layiq olduqları gözəl bir təriflə xatırlamalı, özlərindən Allahın razı olması üçün dua etməli və Uca Allahın bu nəsihətinə uyğun olaraq ürəklərimizi onlara qarşı kin və həsəd paslarından təmizləməliyik:
“Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!” (əl-Həşr (Toplanma) surəsi, 10). Cənnətlə müjdələnən Sad bin Əbu Vəqqas (Allah ondan razı olsun) bu barədə belə demişdir: “İnsanların üç mərtəbəsi vardır. (Biri Mühacirlər və digəri Ənsar olan) iki mərtəbə getdi, biri qaldı. Sizin, (onlar üçün dua edən) qalan bu mərtəbədə olmanız, sahib olduğunuz şeylərin ən gözəlidir. (Bu səbəblə) onlar (Mühacirlər və Ənsar) üçün bağışlanma istəyin” (Hakim Müstədrək).
Səhabəni tanımaq, onlara tabe ola bilmək və yollarından gedə bilmək əhəmiyyətli işlərdən biri hesab olunmalıdır. Bu səbəblə cildlər dolusu siyər kitabları yazılmış və bunların içində səhabələrin həyatı əhəmiyyətli və qabarıq bir yer tutmuşdur. Onların arxasından gələnlər olaraq bizlərə düşən, onları özümüzə nümunə götürmək, həyatlarını oxumaq, bunlardan ibrətlər almaq, inandıqları kimi inanmaq, elmləriylə elmlənmək, əməlləriylə əməl etmək və əxlaqlarıyla əxlaqlanmaqdır. Bu şəkildə davranmaqla;
1. Allahu Təalanın razı olduğunu bildirdiyi və cənnətini vəd etdiyi qullarından olma yoluna girmiş olarıq:
“(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!”.  Bu ayədəki “...onlara gözəlliklə tabe olanlar...” ifadəsindən bu aydın olmaqdadır.
2. Rəsulullah (Allahın salamı və xeyir bərəkəti onun üzərinə olsun) xəbər verdiyi, cəhənnəmə girmədən cənnətlə mükafatlandırılacaq tək təriqət (Təriqəti Naciyə) olma yoluna girmiş olarıq: Rəsulullah (Allahın salamı və xeyir bərəkəti onun üzərinə olsun) belə buyurdu: “Yəhudilər yetmiş bir və ya yetmiş iki təriqətə ayrıldılar. Xristianlar da onlar qədər. Ümmətim isə yetmiş üç təriqətə ayrılacaq və onlardan biri xaric hamısı cəhənnəmdədir”. Səhabələr: Ya Rəsulullah! Onlar kim­lərdir?" deyə soruşduqda Rəsulullah (Allahın salamı və xeyir bərəkəti onun üzərinə olsun): Mənim və səhabələrimin yolu üzərində olanlardır” buyurdu.
3. Hətta səhabələrdən əlli adama verilən savaba çatanlardan belə ola bilərik: Rəsulullah (Allahın salamı və xeyir bərəkəti onun üzərinə olsun): Sizin arxanızda səbir günləri vardır. O günlərdə səbr etmək, atəş topasını ovuçlamaq qədər çətindir. O günlərdə onlar arasında (yaxşı) əməl işləyənə, (indi) onu işləyən əlli adama verilən savab vardırbuyurdu. Ey Allahın Rəsulu! Onlardan əlli adamın savabımı var? deyə soruşulunca, Rəsulullah (Allahın salamı və xeyir bərəkəti onun üzərinə olsun): (Xeyr) sizdən əlli adamın savabı deyə cavab verdi. Allah bizim hər birimizi, etdiyi saleh əməl səbəbiylə səhabədən əlli adama verilən savabla mükafatlandırdığı, cəhənnəmdən qoruduğu və bağışladığı qullarından etsin. Amin!


Ədəbiyyat Siyahısı:
1. Qurani Kərim, Azərbaycan-dilində (Tərcümə edənlər: Vasim Məmmədəliyev, Ziya Bünyadov), Bakı-2005, Elektron kitab
2. M. Yusif Kandehlevi, Hayatus-Sahabe, Akçağ Yayınları. Elektron Kitab
3. Dr. Abdurrahman Refet al-Başa, Sahabe Hayatından Tablolar, Uysal Kitabevi
4. Şamil İslam Ansiklopedisi, Elektron kitab
5. Cengiz Elibol, Asrı Seadet Önderleri, Beka Yayınları, İstanbul.
6. Buхаri, əl-Cаmiu’s-Səhih.
        7. Bеyhаqi, Əbu Bəкr Əhməd ibn Hüsеyn, Dəlаilu’n-Nubuvvə və Mərifətu Əhvаlis-Səriа, Bеyrut.
        8. Gülən, Fətullаh, Insаnlığın Iftiхаr Tаblоsu, Sоnsuz Nur, Izmir-1993.
        9. Ibn Hişаm, əs-Sirətun-Nəbəviyyə.
        10. Ibn Həcər, Təhzibut-Təhzib.
        11. əl-Isfəhаni, Əbu Nuеym Əhməd ibn Аbdullаh, Hilyətul-Övliyа və Tаbаqаtul-Аsfiyа.
        12. ət-Təbəri, Əbu Cəfər Məhəmməd ibn Cərir, Tаriхul-Uməm vəl-Muluк, Bеyrut. 
















Сподвижники исламского пророка

В этой статье мы собрали общие сведения о сподвижниках пророка Мухаммеда (д.х.А.п.), живших в его эпоху и всеми силами помогавших ему, сообщили о ценностях, придаваемых им в Коране и словах пророка Аллаха. Кроме этого, мы провели исследование по словарному и терминологическому значениям слова «сподвижник».


Adherents of Islamic prophet

In this article we have gathered general information about Islamic prophet Muhammad’s adherents who lived in his time and helped him, told about values given to the adherents in the Holy book and in the words of Islamic prophet. Besides we investigated vocabulary and terminological meanings of the word “adherent”.


Əkrəm Həsənov

Hiç yorum yok:

Yorum Gönder